Mayor Mürsəliyev Sübhi Balamirzə oğlu 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun  Qurbanəfəndi kəndində müəllim ailəsində anadan olub .

Orta məktəbi yüksək qiymətlərlə bitirən Sübhi 1997-ci ildə Bakı Dövlət Univeristetinin Sosial elmlər və psixologiya fakültəsinin “İqtisadi nəzəriyyə” ixtisasına qəbul olub. Uşaqlıqdan hərbi sahəyə olan marağı, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunması fikri onu daim düşündürüb. Elə buna görə də ali məktəbi bitirdikdən sonra hərbi xidmətə zabit kimi yollanır. Elə ilk günlərdən düşmənlə üz-üzə mübarizə aparır. Göstərdiyi şücaətlərinə görə həmişə hərbi hissə komandirlərinin rəğbətini qazanır, savadlı, uzaqgörən zabit kimi önə çəkilir, onların diqqət mərkəzində olur. Nəticədə tez bir zamanda tağım komandirliyindən batareya komandirliyinə yüksəlir.

Hərbi xidmət dövründə cəbhənin Tərtər, Ağdam, Tovuz bölgələrində olur. 2016-cı il Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə fəallıq göstərir. Müxtəlif medallar və fəxri fərmanla təltif edilir.

Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci ilsentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub. O, İsmayıllı rayonunun Qurbanəfəndi kəndində dəfn olunub.
Mayor Mürsəliyev Sübhi Balamirzə oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

20 Dekabr 2021, 18:56