Nəcəfov Fuad Taleh oğlu  1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Hərbi Dəniz Qüvvələrində keçib. 

2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlıq kursu”nu bitirib. Fuada Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 avqust 2010-cu il tarixli əmri ilə “miçman” hərbi rütbəsi verilib. Xidmət dövründə “Azərbaycan Ordusunun 95 illiyi” , “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.  Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrininin xüsusi təyinatlılarının tərkibində döyüşlərdə fəal iştirak edərək qələbənin qazanılmasında müstəsna xidmətləri olub. 2020-ci ilin oktyabr ayının 7-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 8-də Qalınçaq kənd qəbristanlığında dəfn edilib.

Miçman Nəcəfov Fuad Taleh oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qarabağ ordeni”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

13 Yanvar 2022, 21:51