Nese

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Famil Əhmədzadənin ildönümü məzarı önündə qeyd olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhid Famil Əhmədzadə rayonun ictimai-siyasi həyatında önəmli rol oynayan bir ziyalı idi. Yüzlərlə şəxsin ali məktəblərə daxil olmasında böyük rol oynayan şəhid Famil Əhmədzadə bir tarix müəllimi kimi öz qanıyla tarix yazdı. Öz  elmi ilə  yüzlərlə gəncin həyatına işıq saçan Famil Əhmədzadə 44 günlük Vətən müharibəsində zəfər salnaməmizin memarlarından biri oldu, ölümsüzlük, şəhidlik zirvəsinə yüksəldi. Onun müqəddəs ruhu daim rayon ictimaiyyətinin  yaddaşında əbədi yaşayacaq.

Şəhidin atası Ağaəhməd Əhmədzadə oğlu ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

1 Noyabr 2021, 13:02